Güclü zəlzələ İran-İraq sərhədini silkələdi: ölü sayı 130-u keçdi - İTKİLƏR ARTIR
İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 130 nəfəri keçib, 1000-dən çox insan xəsarət alıb. APA TV-nin məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Təbii fəlakət nəticəsində ölənlərin və yaralı sayının artacağı istisna edilmir.
Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub. Hazırda bölgədə xilasetmə-axtarış əməliyyatı aparılır. Bildirilir ki, ölkənin strateji obyektlərinə, o cümlədən neft-qaz infrastrukturuna zərər dəyməyib.
Yerli sakinlər daha dağıdıcı təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olub. Son saatlar ərzində İran-İraq sərhədində ondan çox təkrar təkanlar qeydə alınıb.
İki ölkənin sərhədində qeydə alınmış güclü zəlzələ İraqa da ziyan vurub. Bəzi mənbələr İraqda 1, digəri 6 nəfərin öldüyünü bildirib, 100-dək insan isə xəsarət alıb.
Yaralı hallarının 60 nəfəri Hanakində, daha 40-ı isə Balad Ruz şəhərində müşahidə edilib.
Zəlzələ ölkəmizin cənub bölgəsində də hiss olunub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Yeraltı təkanlar əsasən Lənkəran, Astara rayonları ərazisində və Naxçıvanda təqribən 4 bal gücündə hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.