Komitə sədri torpaqla bağlı şikayətləri dinlədi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Naftalan şəhərlərinin sakinlərini qəbul edib. Azərbaycan Dövlət Aqrar Universitetinin iclas zalında keçirilən qəbulda vətəndaşların şikayət və təklifləri dinlənilib.

APA TV-nin xəbərinə görə, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda qərb bölgəsindən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerqurluşu ölçmə işləri aparılaraq, torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb. Qərib Məmmədov bildirib ki, Gəncə şəhərinin inzibati ərazisi Milli Məclisin qərarı ilə Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarının ərazisi hesabına qismən genişlənib. Həmin ərazilərdə nəzərə alınmaqla Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin xəritələri hazırlanaraq, başa çatdırılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli