Elsevər Ağayev: "Azərbaycanda icbari tibbi sığortanın arealı genişləndirilə bilər"

Psixotrop dərman preparatlarının dövriyyəsinə nəzarət olunur. Dövriyyəsi məhdudlaşdırılan dərman preparatlarının siyahısı Milli Məclis tərəfindən təsdiq olunub. APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev verib. Onun sözlərinə görə, bu siyahıda mütəmadi olaraq düzəlişlər edilir:

 

“Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq “travmadol” dərman preparatının siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət olunub. Apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdır. Bu preparatların reseptsiz satışı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.

 

Nazir müavini əlavə edib ki, lisenziyasız fəaliyyət göstərən apteklər və tibb müəssisələri ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən cəzalar tətbiq olunur. Elsevər Ağayev icbari tibbi sığorta ilə bağlı həyata keçirilən pilot layihələr barədə də açıqlama verib:

 

“Dövlət tibb müəssisələrində heç bir ödənişli əsasla xidmət göstərilmir. Ancaq indi icbari tibbi sığortaya keçdiyimiz ərəfədə xüsusi hesabların olmaması onların fəaliyyətində problem yarada bilər. Buna görə də tibb müəssisələri publik hüquqi şəxsə çevrilirlər. Bununla da, onlar həm büdcədən maliyyə ala, eyni zamanda tibbi xidmət göstərə biləcəklər. Onların digər mənbələrdən maliyyələşməsi qanuna zidd deyil. Yevlax və Mingəçevirdə icbari tibbi sığorta ilə bağlı pilot layihələr həyata keçirilir. Ola bilsin gələn ildən Azərbaycanda icbari tibbi sığortanın arealı genişlənsin. Tibbi sığorta həssas məsələdir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, tibbi sığortanı əvvəlcə tətbiq edir, sonra ləğv edir, sonra yenidən tətbiq edir. Elə model seçmək lazımdır ki, geri yol olmasın”.

 

ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirən nazir müavini deyib ki, bu, ABŞ Dövlət Departamentinin öz seçimidir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli