Cavid Qurbanov: "Azərbaycandan keçən yüklərin təhlükəsizliyi təmin olunur"

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi müzakirə olunub.

 

Bundan başqa, 2018-ci il üçün daşınma həcminə dair planın, tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin birliyin ştat cədvəlinin təsdiqlənməsi, Ümumi Yığıncağının və İdarə Heyətinin tapşırıqları çərçivəsində həlli tapılmayan məsələlər və quruma yeni üzvlərin qəbulu müzakirə olunub: "Bu gün biz protokollara imza atacağıq, tarifləri tənzimlədik, aşağı saldıq. İmzalarımızla təsdiq edəcəyik ki, Azərbaycan üzərindən keçən yüklərin həm təhlükəsizliyi təmin olunur, həm də qiymətləri tənzimlənir".

 

"Türkiyədən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Çin və əks istiqamətdə yükdaşımaların Türkiyə üçün böyük potensial olduğunu müştərilərimizə izah etmişik. Hələlik 3 milyon ton yük daşınır, gələcəkdə isə bu rəqəmin 6 milyon tona çatdırılacağını ehtimal edirik. Bu işin dost və qardaş ölkələrimizə və bölgəyə böyük fayda verəcəyinə inanırıq".    

 

Müzakirələrdə qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

 

Yığıncağın sonunda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyə Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Batumi Dəniz Limanının baş direktor müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanıb.

 

 

 

Müəllif | Apa.Tv