Azərbaycanda istilik sistemləri sayğacla tənzimlənə bilər

Payız-qış mövsümünə hazırlıq aprelin 15-dən başlayır, noyabra qədər bitir. APA TV-nin məlumatına görə, bunu "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

 

O bildirib ki, qarşıdan gələn qış aylarında istiliklə bağlı problemlərin olması gözlənilmir: “Hazırda "Azəristiliktəchizat"ın bütün qazanxana və istixana məntəqələrində, o cümlədən magistral və məhəllədaxili istilik xətlərində təmir-bərpa işləri başa çatdırılıb və qışa tam hazır vəziyyətdədir”.

 

"Azəristiliktəchizat"ın "Azəriqaz"a təxminən 90 mln. manat borcu var. Bəs bu amil abonentlərin istiliklə təchizatına təsir edəcəkmi?" sualını Rafiq Əliyev belə cavablandırıb: “Azəristiliktəchizat"ın qazanxanaları əvvəlki rejimdə fəaliyyət göstərəcək. Maliyyə sanksiyası ilə bağlı problemlərin vətəndaşlarımıza heç bir aidiyyəti yoxdur. Bizim tariflərimiz maya dəyərindən bir neçə dəfə aşağıdır. Vergiləri, kreditorlar qarşısındakı öhdəliklərimizi abonentlərdən pul yığdıqca, hissə-hissə verməliyik. Özümüzdən asılı olmayan səbəblərə görə sanksiyalarla üzləşirik”.

 

Bəs bu halda tariflər artırıla bilərmi? “Bu, Tarif Şurasının səlahiyyətində olan məsələdir” deyə Rafiq Əliyev bildirib. Onun sözlərinə görə, istilik tarifləri dövlət tərəfindən tənzimlənir və 1 kv. m yaşayış sahəsi üçün 0,15 AZN müəyyən edilib. "Azəristiliktəchizat"ın özəlləşdirilməsinə gəlincə, “nə qədər ki, bütün ərazilərdə tam müasir tipli qazanxanalar quraşdırılmayıb, eyni zamanda "Azəristiliktəchizat" zərərlə işlədiyinə görə özəlləşdirmə açıq elan olunsa da, bu real görünmür.  Amma fərdi qazanxanalar "Azəristiliktəchizat"ın balansında olmağa çalışırlar. Çünki maddi-texniki bazamız var”.

 

Rafiq Əliyev bildirib ki, hökumətə istilik sistemlərinin sayğacla tənzimlənməsi ilə bağlı təklif verilib. Maddi təminat olduqdan sonra növbəti illərdə bu məsələ də həllini tapacaq. ASC-nin rəsmisi həmçinin bildirib ki, istilik haqqını ödəməyən, eləcə də istilik xətlərinə kobud şəkildə müdaxilə edən abonentlərin istiliyi kəsiləcək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli