Nazir müavini: "Azərbaycanda ana ölümü 34 faizdən 13,6 faizə düşüb"

"Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaiti azalmır, əksinə, xüsusilə bu sahəyə kifayət qədər pul ayrılır". APA TV-nin məlumatına görə, bu fikirləri Bakıda "Caspian Energy Forum"un səhiyyəyə həsr olunmuş xüsusi sessiyasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O bildirib ki, Azərbaycan səhiyyəsi istər maddi-texniki baza, istərsə də kadrlar baxımından heç bir sahədən geri qalmır.

 

Nazir müavini müxtəlif xəstəliklərlə əlaqədar həyata keçirilən dövlət proqramları hesabına kifayət qədər nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. O, ana və uşaq ölümləri ilə bağlı maraqlı məqamlara diqqət çəkib: “Əvvəllər biz 1 kq-dan artıq olan doğulanları diri doğulmuş kimi sayırdıqsa, indi dünyanın tələbi budur ki, 500 qram-dan yuxarı doğulanlar diri doğulma kimi qəbul olunur. Sözsüz ki, belə körpələrin saxlanması səhiyyənin müasir imkanları çərçivəsində mümkün olur. Azərbaycan səhiyyəsinin bu barədə imkanları genişdir. Əvvəllər onların əksəriyyəti tələf olurdusa, indi onların 50 faizi həyata qaytarılır”.

 

Ana ölümü ilə bağlı statistikanı nəzərə çatdıran Elsevər Ağayev bildirib ki, əgər 10 il öncə Azərbaycanda 100 min doğuşa 34 faiz ana ölümü faktı qeydə alınırdısa, indi bu rəqəm 13,6 faizə düşüb.

 

Tədbirdə eyni zamanda biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onları həlli ilə bağlı problem və təkliflər dinlənilib.

 

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 100-dən çox biznesmen, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları iştirak ediblər.

Müəllif | Apa.Tv
Almaz Qasımova