Şirvanda oğurlanan avtomobil Lənkəranda tapıldı
Şirvanda oğurlanan avtomobil Lənkəranda tapılıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, oğurluq hadisəsi oktyabrın 31-də Şirvan şəhərində qeydə alınıb.
Şəhər sakini, 32 yaşlı Xəyyam Əliyevə məxsus “VAZ-2106” markalı 35 BL 048 dövlət nömrə nişanlı maşının oğurlanması barədə polisə məlumat verilib: "Binanın qabağında saxlamışdım. 30-dan 31-nə keçən gecə sübhdən saat 5-də baxdım gördüm maşın yoxdur orda. Daim orda saxlayardım, dərhal zəng vurdum qurumlara".
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhərində oğurlanan avtomaşın Lənkəran şəhər sakini, 18 yaşlı Vüqar Rafiq oğlun Əlizadənin yaşadığı ünvanda aşkarlanıb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının Lənkəran polisi ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı avtomaşının yerinin müəyyən edildiyi Vaqif Məmmədov küçəsindəki 25 saylı evin həyətinə baxış keçirilib. Baxış zamanı həyətdə olan 42 BA 265 dövlət qeydiyyat nişanlı avtomobilin ötən ay Şirvan şəhərinin G.Şıxbalaoğlu küçəsindəki 77 saylı binanın qarşısından oğurlanan, Əliyev Xəyyam Afət oğluna aid maşın olduğu müəyyən edilib. Həmçinin maşının 35 BL 048 dövlət qeydiyyat nişanının əvəzləndiyi, açar və arxa oturacağının dəyişdirildiyi də məlum olub.
Avtomaşının oğurlanmasında təqsirli bilinən Vüqar Əlizadə istintaqa ilkin ifadəsində avtomaşını oğurlamadığını, Şirvan şəhərində "Məxi" kimi tanıdığı tanışından 350 manata aldığını söyləyib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.