Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir
Bakı şəhərinin Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi yüksək keyfiyyətlə davam etdirilir.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir.
Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq.
Layihə çərçivəsində artıq yolun 1.6 km-lik hissəsi asfaltlanıb. Ümumilikdə isə yolun 40 min kv. m-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Asfaltlanma işlərinə paralel olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür.
Xatırladaq ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb. Yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru və 2 böyük həcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.
Qeyd edək ki, layihəyə uyğun olaraq avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.