Direktordan əxlaqsız təklif aldığını deyən müəllimə: “Videoları mən çəkməmişəm, amma”...

Şüvəlandakı 12 nömrəli xüsusi internat məktəbdə direktorla müəllim arasında baş vermiş  qalmaqal səngimək bilmir. Mətbuatda  həmin məktəbin müəlliməsi Gülnar Ələsgərovanın  direktor tərəfindən əxlaqsız təklif aldığı və təklifi rədd etdiyi üçün işdən çıxarıldığına dair iddialar yer alıb.

 

APA TV-yə açıqlama verən Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin mətbuata verdiyi açıqlamaları böhtan adlandırıb.

 

“Hər ay maaşımdan 50 manat tutulmağına etirazmı bildirmişəm. Maaşımın bərpa olunması üçün nazirliyə yazdığıma görə, problem yaranıb. Əvvəlki məktəbin rəhbərliyi məni 72-ci maddə ilə işdən azad edib. Məktəb rəhbərliyi məni bu maddə ilə işdən qova bilməz, çünki bu maddənin tətbiqi üçün məhkəmə hökmü olmalıdır. Məhkəmə hökmü olmadan məni işdən azad ediblər”.

 

Gülnar Ələsgərova haqlı olduğunu sənədlər əsasında sübut etdikdən sonra Təhsil Nazirliyi onu digər məktəbdə işlə təmin edib. Direktorun onun dəfələrlə əmək intizamını pozduğuna dair sözlərinə gəldikdə isə...

 

“Əgər mən məsuliyyətsiz işçi idimsə, niyə məni cari ildə buraxdığım nöqsanlara görə işdən azad etmirdi? Bu qədər əmək intizamını pozan işçini işdə saxlamaqda məqsəd nə idi. Mən işdən qalmamışam, sadəcə iki dəfə  cərrahi əməliyyat keçirmişəm. Bu da həkim kağızıdır”.

 

Gülnar Ələsgərova fiziki qüsurlu uşaqların sinif otaqlarını təmizlədiyinə dair görüntüləri özünün deyil, məktəbdə digər  müəllimlərin çəkdiyini deyir.  

 

“Mən o məktəbdə iyun ayından işləmirəm, o videoları neçə çəkə bilərəm? Qapalı müəssisədir, içəri necə girib çəkmişəm? Məktəbdə işləyən müəllimələr çəkib. Yaxşı o görüntülər yalandır, uşaqların əlində döşəməsilən otaqları təmizləməyi yalandır, bəs uşaqların qarşısında menyuya uyğun olmayan yeməklərin olduğu fotolar necə, onlar da yalandır?”

 

Gülnar Ələsgərova deyir ki, direktor dəfələrlə  kollektivdə çalışan bir  çox işçiləri təhqir edib, müxtəlif söyüşlərlə alçaldıb. O fikrini əsaslandırmaq üçün əlində səs yazılarının olduğunu deyib. Müəllimə işdən azad olunması ilə bağlı əsas gətirilən məsələlərə də münasibət bildirib.

 

“Bu, mənim məktəbdə Maisə Əliyeva tərəfindən döyülməyim barədə ekspertizaya rəyidir. Bu faktla əlaqədar 128-ci maddə ilə Maisə Əliyeva haqqında  cinayət işi başlanıb. Direktor bu qadının təqdimatı əsasında götürüb məni işdən azad edib. Bu xanımı işini itirmək təhlükəsi olduğuna görə, maddi durumu yaxşı olmadığına görə bağışladım. İşdən çıxarılmağımın digər səbəbi də var. Mən Təhsil Nazirliyinə rəsmi dəvət olunmuşdum. Həmin gün direktorun adına ərizə yazıb, nazirliyə getmişəm. Nazirliyə getdiyimə görə direktor mənə  töhmət verib, həmin günə olan əmək haqqımı kəsib”.

 

Gülnar Ələsgərova öz hüquqlarını somadək müdafiə edəcəyini deyib.

 

Qeyd edək ki, Gülnar Ələsgərova sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində keçirilən Pedaqoji Şuranın və internat məktəbinin Həmkarlar Komitəsinin qərarları ilə işdən azad edilib. Qərarda bildirilir ki, əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyini, işəgötürənin, habelə əmək kollektivinin üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə, ləyaqətinə ziyan vurduğunu, pedaqoqun etik qaydalarına zidd hərəkətlər etdiyini, üzrlü səbəb olmadan işə gəlməməsi hallarının bir neçə dəfə təkrar olunduğunu və əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğunu nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Gülnar Ələsgərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. 

Müəllif | Apa.Tv
Almaz Qasımova