Elmar Məmmədyarov: "Tələb edirik ki, danışıqlarda konkret nəticələr olsun"
"Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrovla danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreira görüşdən sonra keçirilən konfransında deyib: "Bu gün axşam Moskvaya yola düşürəm. Sabah həmsədrlərlə görüş olacaq. Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".
Elmar Məmmədyarov braziliyalı həmkarı ilə iki ölkə arasında münasibətlərin genişləndirildiyi barədə razılığa gəlindiyini deyib. Nazir gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini söyləyib. O bildirib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və qətnamə layihələrinə eyni şəkildə səs verir: “Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıq. 1993-cü ildə qətnamələr qəbul edilərkən Braziliya BMT Təhlükəsizlik Şurasının üzvü idi. Qətnamələrin hələ də yerinə yetirilməməsi ciddi problemdir”.
Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira deyib ki, səfərinin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. “Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin” - deyən qonaq bildirib ki, Braziliya sülhsevər dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.