Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq
Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan dövləti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində inşa olunacaq müəssisənin bünövrəsi qoyulub.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə nazirliyin və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin nümayəndəsi Timoti Madigan SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb.
Cocuq Mərcanlıda inşa olunacaq emal müəssisəsinin fəaliyyəti nəticəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunacaq. Hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqları quraşdırılacaq.
Nazir müavini Sahib Məmmədov deyib ki, Azərbaycan prezidentinin yeni həyat bəxş etdiyi, Böyük Qayıdışın rəmzinə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu cür biznes yönümlü layihələrin həyata keçirilməsi bu bölgədə yaşayan insanların məşğulluğunun təmin edilməsinə xidmət edir. Eyni zamanda bu, regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.