ABŞ-ın ehtiyatları artdı, neftin bahalaşma tempi azaldı

ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminə dair gözlənilən rəsmi hesabatı açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, hesabata əsasən, ölkənin neft ehtiyatlarının həcmi 1,85 milyon barel, benzin ehtiyatlarının həcmi isə 894 min barel artıb. Bu göstərici ilə bağlı keçirilən sorğuya qatılan analitiklər ehtiyatların 1 milyon barel azalacağını proqnozlaşdırırdılar.

 

Uzun fasilədən sonra ikinci həftə ard-arda ehtiyatların artması neftin bahalaşma tempini zəiflədib. Buna baxmayaraq, dünənki ucuzlaşmadan sonra qiymətlər yenidən artmağa başlayıb. Hazırda birjalarda “Brent” markalı neftin 1 bareli 62 dollardan satılır, Qərbi Texas nefti isə 55,37 dollara təklif olunur. İki marka arasında fərq yenidən artaraq 7 dollar səviyyəsinə çatmaqdadır.

 

Sabah ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Bu həftə də buruqların sayının artacağı proqnozlaşdırılır. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd