Səlim Müslümov Şabranda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, müraciətlər tibbi-sosial reabilitasiya, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələləri əhatə edib.
Vətəndaşlarla görüşündə nazir vurğulayıb ki, cari ilin yanvar-oktyabr aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında əlavə olaraq 2015 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təminatı həyata keçirilib, 70 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 30 nəfər ödənişli ictimai işlərə cəlb olunub.
Qəbula gələn vətəndaşların bir qisminin iş yerləri ilə təmin olunmaları üçün etdikləri müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb. Onlara təklif olunan boş (vakant) iş yerləri üzrə seçdikləri, əmək bacarıqlarına uyğun gələn iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata götürülüblər.
Vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq bərpa müalicəsi xidməti göstərilməsi üçün nazirliyin reabilitasiya müəssisələrinə qəbul olunmaları barədə tapşırıq verilib. 3 nəfər şəxsə ehtiyacı nəzərə alınmaqla əlil arabası təqdim edilib. S.Müslümov bölgədə yaşayan əlilliyi olan şəxslər üçün nazirliyin Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini, burada aparılan işlərin davamı kimi ötən il və cari ilin 10 ayında həmin Mərkəzdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin bərpa müalicəsi xidməti ilə təmin edildiklərini diqqətə çatdırıb, eyni zamanda həmin Mərkəzin yaxın vaxtlarda əsaslı təmirinin gündəlikdə olduğunu bildirib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.