Ağdamda məktəb binası və 3 yaşayış evi tam qəzalı vəziyyətə düşüb - ZƏLZƏLƏ
Ötən axşam ölkə ərazisində baş verən 6 bal gücündə yeraltı təkan Ağdamın bir çox yaşayış məntəqələrində dağıntılara səbəb olub.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası zəlzələ nəticəsində yaranmış fəsadların sayında getdikcə çoxalma olduğunu müəyyən edir.
Ağdam RİH başçısının müavini Allahverən Əliyev APA TV-yə açıqlamasında bildirib ki, daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb. Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 yaşayış evinə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evi tam qəzalı vəziyyətə düşüb.
Tərtər rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev APA TV-yə açıqlamasında bildirib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. Bu anadək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən, sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, yeraltı təkanın yarada biləcəyi heç bir fəsad qeydə alınmayıb.
Zəhra Səfərova Üçoğlan kəndində yaşayır. Kənddə onlarla ev zərərlə üzləşib. Belə ki, əsasən tikililərin divarlarında dərin çatlar meydana gəlib, dam örtüklərində isə çökmələr yaranıb.
Üçoğlan kənd ərazi nümayəndəliyinin tabeliyində olan beş yaşayış məntəqəsində 30-dan çox ev zərər görüb. Bununla yanaşı, rayonun əksər ticarət obyektlərində yeraltı təkanlar vaxtı piştaxtaların uçması sahibkarlara xeyli miqdarda zərər vurub. Əsasən tez sınan məmulatlardan hazırlanmış əşyalar yararsız hala düşüb. Həmin anlar Məhəmməd Rüstəmovun mağazasında quraşdırılmış müşahidə kamerasına düşüb.
Xatırladaq ki, zəlzələnin episentrində - Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5,1 maqnituda olub.
10 km dərinlikdə baş verən zəlzələ Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.