AMEA-da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasında general-leytenant Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub.

 

APA TV-nin məlumatına görə, akademik Akif Əlizadə bildirib ki, Kərim Kərimov kosmik fəzanın tədqiq olunmasında mühüm rol oynayıb, kosmik və hərbi texnikanın inkişafına böyük töhfə verib. Ötən əsrin ortalarında kosmosun fəthi ilə bağlı iki nəhəng dövlət - SSRİ və ABŞ arasında gedən texnoloji "müharibə"də Kərim Kərimov bilavasitə iştirak edib. O dövrdə kosmik aparatlar onun rəhbərliyi ilə yaradılıb, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov olub. Kərim Kərimov 1988-ci ilə qədər SSRİ rəhbərliyi onu xüsusi qoruyub. Hətta general-leytenantın üzü həmin ilə qədər tanınmayıb.

 

Rusiyalı kosmonavt Oleq Kotov "Rusiyanın pilotlaşdırılmış kosmonavtikanın inkişafı üçün perspektiv proqramı" mövzusunda təqdimatla çıxış edib. Kosmik məkanın tədqiqi ilə bağlı Rusiya təcrübəsindən danışıb. O, Kərim Kərimovu əfsanəvi şəxs adlandırıb: "Kosmik sənayeyə çox böyük töhfələr verib. Pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olduğu vaxtlarda belə onun haqqında saysız-hesabsız əfsanələr dolaşırdı".

 

Görkəmli fizik Roald Saqdeyev isə müasir Azərbaycanın kosmik sahədəki uğurlarını yüksək qiymətləndirib: "Raket texnikası ilə məşğul olmağa başladı. Nəticədə sovet proqramının rəhbərlərindən biri oldu. O, hər dəfə vətəninə gələndə isti münasibətlə qarşılaşırdı. Azərbaycan kosmosa çıxıb, iki müasir peykə sahibdir. Gələcəkdə üçüncü də olacaq. SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən dövlətlərin heç birinin belə uğuru yoxdur. Raket texnikası soyuq müharibənin ən təhlükəli silahı idi. Bu məsələ ilə bağlı şəxslər dövlət tərəfindən qorunurdu".

 

Yubiley mərasimində alimin xatirəsinə həsr olunan "Yüksəliş" sənədli filmi nümayiş olunub.

Müəllif | Apa.Tv
Nigar Həsənli