Rövnəq Abdullayev: "Gələn ildən Azərbaycana 150 milyon dollar əlavə vəsait daxil olacaq"
"SOCAR-ın həyata keçirdiyi layihələr yaxın gələcəkdə böyük maliyyə vəsaitlərinin daxil olmasına, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə böyük töhfə verəcək".
APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda Amerika Ticarət Palatası üzvlərinin, habelə SOCAR və BP rəhbərliyinin iştirakı ilə Azərbaycanın neft strategiyasına həsr olunan nahar mərasimində çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev qeyd edib ki, SOCAR bu istiqamətdəki mövcud layihələrlə kifayətlənməyəcək: "Gələcəkdə də ölkəmizin və xarici tərəfdaşlarımızın maraqları çərçivəsində xaricdə və daxildə investisiya fəaliyyətini davam etdirəcəyik. Bu gün Azərbaycan investorlar üçün ən cazibədar ölkələrdən biridir. 25 il ərzində Azərbaycan enerji sektoruna qoyulan investisiya və Azərbaycanın enerji siyasəti bunun bariz nümunəsidir".
SOCAR prezidenti inşası davam etdirilən Karbamid zavodu barəsində də danışıb. Bildirib ki, zavodunun 2018-ci ildə işə düşməsi nəticəsində ölkəyə ildə 150 milyon dollar əlavə vəsaitin daxil olması planlaşdırılır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə təmsil etdiyi şirkətin son 20 ildə ölkəmizdəki 11 dəniz platformasında hasilat işləri apardığını diqqətə çatdırıb. O, BP və SOCAR arasındakı əməkdaşlığa da toxunub: "Təmsil etdiyim şirkət Azərbaycanda dəniz və quruda bir sıra infrastruktur qurub və milyardlarla dollar gəlirin əldə edilməsində nail olub. Bu gəlirlər Azərbaycan iqtisadiyyatına dəstək verən amildir. SOCAR-a gəlincə, qurum artıq beynəlxalq səviyyədə şirkətə çevrilib. Hazırda SOCAR Rumıniya, Ukrayna, Albaniya və digər ölkələrdə aktiv fəaliyyət göstərir. SOCAR-ın beynəlxalq bazarda fəaliyyətinə dəstək göstərməyə hazırıq".
Tədbir fikir mübadiləsi şəraitində davam etdirilib.