MİDA: "Güzəştli mənzil" almaq istəyən 7000-dən artıq şəxs qeydiyyatdan keçib
Bir neçə aydan sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan veriləcək.
APA TV-nin xəbərinə görə, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin yay aylarından vətəndaşlar artıq ilk mənzillərdə yaşaya biləcəklər: "İndiyədək "güzəştli mənzil" əldə etmək istəyən 7000-dən artıq şəxs qeydiyyatdan keçərək elektron kabinetlərə sahib olublar. Bir neçə aydan sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan verəcəyik. Artıq müvəkkil banklar seçilib, müvafiq müqavilələr imzalanıb. "Azərbaycan İpoteka Fondu" ASC ilə əməkdaşlıq da davam edir. Ümid edirik ki, 2018-ci ilin yay aylarından vətəndaşlarımız ilk mənzillərdə yaşaya biləcəklər".
"Güzəştli mənzil"lər kupça əsasında satılacaq. Aparat rəhbəri Anar Quliyev bildirib ki, MİDA tikdiyi binalardakı mənzillərin qiymətini onun ölçüsünə görə müəyyən etməyəcək, konkret qiymət müəyyən olunacaq. Artıq 500-ə qədər mənzilin qeydiyyat sənədi hazırdır: "Bu sənəd mənzil satılmazdan öncə alınmalıdır və o, vətəndaşa mülkiyyət hüququ verir. Hazırda kompleksdə olan mənzillərin 500-ə qədəri üçün adıçəkilən sənəd alınıb. Həmin sənəd əsasında vətəndaşlar mənzillərini girov qoyub kreditdə götürə biləcəklər".
Mənzil İnşaatı Dövlət Agentliyinin reallaşdırdığı Yasamal Yaşayış Kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək. Yaşayış kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksi 29 binadan ibarət olacaq. Burada ümumilikdə 1 843 mənzil olacaq. Həmin mənzillərin 324-ü bir, 1 052-si iki, 467-si isə üç otaqlıdır.