Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

 

APA TV xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

 

Daha sonra prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib. Bildirilib ki, kompleksdə inşaat işləri ən yüksək səviyyədə aparılıb və bu ilin oktyabrında başa çatdırılıb. Abşeron Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

 

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin tanınmış idmançıları ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzindən, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.

 

Prezident İlham Əliyevə müəssisədə istehsal edilən və “SAB” - “Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olunub. Diqqətə çatdırılıb ki, “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları “SAB” brendi altında bazara çıxarılır.

 

Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Bu təhsil ocağının bir hektarlıq həyətyanı ərazisində idman qurğuları quraşdırılıb. Binanın istilik təchizatı üçün qazanxana, transformator yarımstansiyası, nasosxana və su hovuzu inşa olunub. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var.

Müəllif | Apa.Tv
Ayşən Əhməd