Nazir Kəmaləddin Heydərov Moldovanın daxili işlər naziri ilə görüşüb
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA TV-nin xəbərinə görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldovanın müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti, o cümlədən FHN-in Akademiyası barədə qonaqlara ətraflı məlumat verib. Nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırıb.
Moldovanın daxili işlər naziri Aleksandr Jizda səmimi qəbula görə minnətdarlığını bildirib və Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq, təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.