Bakının əsas girişində avtomobilin vurduğu piyada tanınmaz hala düşüb
Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 13-cü km-də, Kənar Dairəvi yolda qeydə alınıb.
Şəhərin mərkəzindən Lökbatan dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən "Lifan" markalı minik maşını yolu keçmək istəyən 30-35 yaşlarında bir kişini vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Zərbə güclü olduğu üçün onun meyiti hətta hissələrə bölünüb.
Avtoqəzanın təfərrüatlarını Qaradağ RPİ-nin istintaqçıları araşdırır. Sürücü şifahi olaraq bildirib ki, piyada avtomobil yoluna qəfildən qaçaraq daxil olduğu üçün "Lifan" markalı nəqliyyat vasitəsindən yayına bilməyib.
Qeyd edək ki, adıçəkilən yolda avtomobillərin sürət həddi 110 km/saat-dır. Belə yollarda piyadaların keçid olmadan qarşı tərəfə keçməsi yolverilməzdir.