OPEK-ABŞ mübarizəsi nefti ucuzlaşdırır

Neft bazarında qiymətlər OPEK və ABŞ arasında gedən açıq mübarizə əsasında formalaşır. OPEK-in qlobal neft paktının müddətini uzatmaq təşəbbüsü qiymətləri dəstəkləsə də, ABŞ-da xam neft və benzin ehtiyatlarının artması bahalaşmanı ləngidir.

 

Ehtiyatlar amili son 24 saat ərzində neftin qiymətinə mənfi təsir göstərib, “Brent” markalı neftin qiyməti 0,6 faiz ucuzlaşaraq 61,19 dollara enib. Qərbi Texas neftinin qiyməti isə 55,28 dollar təşkil edir, iki marka arasında qiymət fərqi 6 dollardan aşağı düşüb. WTİ neftinin qiymətini qoruması, “Brent”in isə ucuzlaşması bazarda ABŞ faktorunun gücləndiyini göstərir.

 

Bu gün ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat açıqlanacaq, analitiklər sayın bu həftə də artacağını proqnozlaşdırır. Ehtimallar təsdiqlənsə, birjalarda ABŞ-dan qaynaqlanan amillərin rolu daha da güclənmiş olacaq. Nəticədə həftənin son ticarət sessiyalarında qiymətlərin 60 dollardan aşağı düşəcəyini istisna etmək olmaz. Qeyd edək ki, birja həftəsi bu gün başa çatır, son əməliyyatlar Bakı vaxtı ilə gecə saat 02.00-da keçiriləcək. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı