FHN-in Cənub Regional Mərkəzi Lənkəranda taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəranda struktur bölmələri  taktiki-xüsusi təlim  keçirib.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” istiqamətində təlim Liman şəhərindəki Lənkəran Neft Bazasında keçirilib.

 

Təlimdə Cənub  Regional  Mərkəzi, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Lənkəran şəhər-rayon Polis Şöbəsi, Lənkəran Neft Bazası və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak edib.

 

Təlim zamanı şərti olaraq Lənkəranda baş verən zəlzələ barədə məlumat daxil olduqdan sonra Cənub Regional Mərkəzində əməliyyat qərargahı yaradılıb. Cənub Regional Mərkəzinin struktur bölmələri  şərti hazırlıq dərəcəsinə gətirilib, yaranmış vəziyyət qiymətləndirilir. Əhalinin baş vermiş fövqəladə hadisə barədə xəbərdar edilməsi, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin təşkilinə dair qərar qəbul edilib.

 

Təlim zamanı şərti zəlzələ nəticəsində Lənkəran Neft Bazasının inzibati binası və dispetçer məntəqəsində yaranan “fəsad”ın aradan qaldırılması, “xəsarət alanların” axtarışı, xilasetmə işlərinə başlanıb.

 

Təlim zamanı fövqəladə hallar şəraitində xilasetmə işlərinin aparılması ardıcıllığını bilməklə, xidmətdə istifadə olunan xilasetmə alət və avadanlıqlarının, ləvazimatların və cihazların texniki xüsusiyyətlərindən bacarıqla istifadə edilib.

 

Təlimdə  Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları şərti hadisə yerini dərhal mühafizə altına alıblar. Şərti olaraq 2 şəxs oğurluq edərkən xilasedicilər tərəfindən aşkarlanıb və polisə təhvil veriliblər.

 

Qeyd edək ki, bu cür təlimlər FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilir.

Müəllif | Apa.Tv