"Gilan Holding" İR mütəxəssisləri üçün master-klass keçirib
"Gilan Holding" LEORON Peşəkar İnkişaf İnstitutu ilə birgə insan resurslarının idarə edilməsi sahəsində çalışan mütəxəssislər üçün master-klass keçirib.
APA TV-nin xəbərinə görə, "Pullman Hotel"də keçirilən "Müştəriyə istiqamətlənmiş insan resursları" adlı master-klassda müxtəlif şirkətləri təmsil edən İR peşəkarları bu sahənin gələcəyini formalaşdıracaq yeni yanaşmaları müzakirə edib.
"Gilan Holding"in insan resursları departamentinin direktoru Allahverdi Bağırov bildirib ki, tədbirə Azərbaycanın 120-dən çox şirkətinin 200-dən çox əməkdaşı qatılıb. O qeyd edib ki, bu cür tədbirlər ölkədə insan resursları sahəsində yeni bir mərhələyə keçid olacaq və şirkətlər insana dəyəri, insan mərkəzli biznesi inkişaf etdirəcək: "Bu master-klassın təşkil olunmasında əsas məqsədlərdən biri bu insanların bir yerə gəlməsi, öz biliklərini, təcrübələrini bir-biri ilə bölüşməsi və yeni tanışlıqların ortaya çıxmasıdır. Bu baxımdan da ümid edirəm ki, uğurlu olacaq və öz məqsədlərinə çatmış olacaq".
Tədbirdə beynəlxalq səviyyəli ekspertlər və yerli şirkətlərin insan resurslarını idarə edən şəxslər öz biliklərini iştirakçılarla bölüşüb, onların suallarına cavab verib.
LEORON Peşəkar İnkişaf İnstitutunun nümayəndəsi Tatyana Kolcovçevska bildirib ki, bugünkü master-klass Azərbaycanda insan resurslarının formalaşmasına böyük töhfə verəcək.
Beynəlxalq konsultant-təlimçi Devid Lyuts isə insan resursları sahəsinin məsuliyyətindən danışıb: "Bu iş çox məsuliyyət tələb edir. Mən bunu uzun illər bu sahə ilə məşğul olan biri kimi deyirəm. Və biz insan resursları sahəsində işləyənlərin işəgötürənlərlə ünsiyyət üçün özümüzə məxsus xüsusi lüğətimiz var. Biz məhz onun imkanlarından yararlanırıq".
Tədbir zamanı İR sahəsində Azərbaycan üçün aktual olan məsələlər, qlobal meyllər və gələcək perspektivlər müzakirə olunub. Həmçinin iştirakçılar qruplara bölünərək, müxtəlif təlimlərə qatılıblar. Bu tədbir iştirakçılara əlavə biliklərin əldə edilməsi ilə yanaşı, yeni işgüzar əlaqələrin qurulmasında da kömək edib.
Qeyd edək ki, LEORON Peşəkar İnkişaf İnstitutu Avropa, Yaxın Şərq və Afrika ölkələrində sertifikatlaşmış təlimləri, məsləhətçi xidmətlərini və inkişaf proqramlarını təklif edən aparıcı beynəlxalq şirkətdir. LEORON-un ekspertləri bir çox ölkələrdə il ərzində 500-ə yaxın kurs aparır. Bu təlimlər 10 minə yaxın mütəxəssisi əhatə edir.