NATO təlimində Atatürk və Ərdoğanın fotosu "düşmən tablosu"ndan asıldı
ABŞ Hava Qüvvələrinin müşavir köməkçisi Heydi Qrant Rusiyadan S-400 zenit-raket kompleksi satın almasına görə Türkiyəyə xəbərdarlıq edib.
APA TV-nin məlumatına görə, Qrant raketlərin alınması ilə Türkiyənin NATO texnologiyalarından istifadəsinə məhdudiyyətlər qoyula bilər.
"Əgər Türkiyə S-400 alarsa NATO texnologiyalarından istifadə imkanları məhdudlaşdırılar. Növbəti mərhələdə Türkiyənin F-35 tipli 5-ci nəsil bombardman təyyarələrini əldə etməsi və istifadəsinə yönələn qərarlar verilə bilər".
S-400 razılaşmasının həyata keçməsinin Türkiyə və NATO arasındakı hərbi əməkdaşlığa ciddi şəkildə təsir edəcəyini deyən Qrant, NATO strategiyasının S-400 sistemləri ilə işbirliyinə icazə vermədiyini qeyd edib.
ABŞ rəsmisi bildirib ki, Türkiyə S-400 sistemlərini və F-35 təyyarələrini bir arada istifadə etsə, Rusiya F-35-lərin zəif nöqtələrini öyrənəcək, bu isə F-35-lər üçün bir fəlakət olar.
Qeyd edək ki, ötən gün Türkiyə ilə NATO arasında xoşagəlməz hadisə baş verib. Norveçdə Türkiyənin də iştirak etdiyi hərbi təlimlərdə "düşmən tablosu"na Atatürkün və Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın fotosu qoyulub. Ərdoğan buna etirazını bildirib. Təlimdə iştirak edən 40 türk hərbçi geri çağırılıb. NATO Ərdoğanın fotosunu qoyan hərbçini ordudan atıb. Açıqlamada Atatürkün fotosunun texniki işçi tərəfindən qoyulduğu qeyd olunur.