25 yaşlı "525" - ÜMUMXALQ QƏZETİ

“525-ci qəzet”in 25 yaşı tamam olur. APA TV-nin məlumatına görə, bu münasibətlə Bakı Dövlət Universitetində tədbir keçirilib.

 

Universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ölkədə xaos olduğu bir dövrdə qəzet özünə ləyaqətli və uğurlu yol cızmağa nail oldu: “525-ci qəzet”in lokomotiv kimi mili-mənəvi dəyərlərimizin, ədəbi-bədii fikrin, mentalitetin formalaşmasında müstəsna xidmətləri olub. Ona görə də bu qəzet ümummilli qəzetdir”.

 

BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli bildirib ki, “525-ci qəzet” tələbələrin sevimli qəzetidir: “Bu qəzet bizim fakültənin peşəkarlıq laboratoriyasıdır. “525-ci qəzet” demokratik mətbuat konsepsiyası əsasında işləyir. Bu qəzet o qədər səviyyəli oldu ki, xaos dövründə bugünkü prezidentimiz İlham Əliyev ilk müsahibəsini məhz “525-ci qəzet”ə verdi”.

 

Yubiley mərasimində Cahangir Məmmədlinin  müəllifi olduğu “525” - zamanın sınağında” kitabının təqdimatı da keçirilib.

 

Akademik Nizami Cəfərov deyib ki, “525-ci qəzet” yaradıcı insanlara geniş imkanlar yaradır.

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzetin ziyalılar tərəfindən maraqla oxunduğunu vurğulayıb.

 

Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov yubiley münasibətilə qəzetin rəhbərliyini və əməkdaşlarını təbrik edib. O, qeyd edib ki, “525-ci qəzet” dövlətçilik siyasətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qəzetin gələcək fəaliyyətində uğurlar arzu ediblər.  

 

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor Şirməmməd Hüseynov 1996-cı ildən qəzetlə əməkdaşlıq etdiyini, “525-ci qəzet”də heç bir müəllifin onun qədər yazısının dərc edilmədiyini bildirib.

 

Tədbirdə qəzetin baş redaktoru Rəşad Məcidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, təhsil naziri Mikayıl Cabbarovun təbrik məktubu təqdim edilib: “Elə olub ki, qəzetin hazırlanmasında iştirak etməmişəm, xaricə olmuşam. Amma xüsusilə şənbə buraxılışlarını zövqlə oxumuşam. Mən oldum-olmadım, “525”in hər bir sayını Azərbaycanın hər bir ziyalısı, hər bir tələbəsi oxumalıdır. Çünki Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, siyasəti ilə bağlı dəyərli yazılar çap olunur.  Ziyalı qəzeti də xoş gəlir, ümummilli qəzet də. Peşəkarlıq isə birmənalı xoşdur. Arzumuz odur ki, növbəti 25 ildə - 50 yaşımıza qədər yazılı mətbuat yaşasın”. 

Müəllif | Apa.Tv
Nigar Həsənli