Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Ağdaş rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, aksiya Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə baş tutub.

 

Ağacəkmə aksiyası zamanı Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən ayrılan 2.1 hektar ərazidə 1000 ədəd nar ağacı əkib. Salınan meyvə bağları Ağdaş rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib.

 

Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Sonra yerli musiqiçilərin ifasında şən mahnılar səsləndirilib, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər. Aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açılıb.

 

IDEA İctimai Birliyin nümayəndəsi Nigar Qarayeva bildirib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6000-dən çox meyvə ağacı əkilib.

 

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova