Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı

Ərinin ölümündə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının qərarına əsasən, G.Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

 

İttihama görə, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayıb. Ş.Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 

 

Müəllif | Apa.Tv