Zığda uçqun oldu, torpaq altında qalan fəhlə çətinliklə çıxarıldı - XİLASETMƏ ANI

Bakının Suraxanı rayonunda torpaq uçqunu nəticəsində bir nəfər torpaq qatının altında qalıb. APA TV-nin verdiyi xəbərə görə, hadisə Zığ qəsəbəsində, Zığ yolu şossesi 43 saylı binanın qarşısında baş verib.

Həmin binanın yaxınlığında su borusunun çəkilməsi işləri ilə əlaqədar ərazidə qazıntı işləri aparılıb. Orada fəhlələr işləyən zaman qəfildən böyük torpaq qatı dərin xəndəyə uçub. Nəticədə fəhlələrdən biri 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb. Həmin vaxt başqa bir fəhlə də yüngül xəsarət alıb, ancaq o, uçqun zonasından vaxtında xilas ola bilib.

Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliynə məlumat verilib. Əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Ərazinin mürəkkəb şəraiti, torpaq qatının hər an yenidən uçma təhlükəsi nəzərə alınıb və Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin də cəlb olunmasına qərar verilib.

Hadisə şahidlərinin və Ə.Bağırzadənin yaxınlarının sözlərinə görə, xilasetmə işləri bir neçə saat davam edib. Xəndəyin dərin və dar olması bu işləri daha da çətinləşdirib.

Sonda xilasetmə əməliyyatı uğurla başa çatıb və Ə.Bağırzadə torpaq qatının altından çıxarılıb. Müəyyən xəsarətlər almış 22 yaşlı gənc təcili xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

Qeyd edək ki, adıçəkilən beşmərtəbəli yaşayış binası sürüşmə zonasında yerləşir. Burada fasilələrlə baş verən sürüşmə halları nəzərə alınaraq binanın bəzi sakinləri mənzillərdən köçürülüb. Ərazinin sürüşmə zonası olması da torpaq qatının uçmasında əsas amillərdən biri kimi göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv