OPEK nefti bahalaşdırır, bahalaşma nefti ucuzlaşdırır - PARADOKS

Hasilatı azaltmağa dair qlobal neft paktının üç hədəfi vardı. Neftin ucuzlaşmasını dayandırmaq, qiymət artımı üçün əsas formalaşdırmaq, dünya ölkələrinin topladığı neft ehtiyatlarının həcmini  azaltmağa nail olmaq. Vyana görüşü ərəfəsində OPEK hər üç hədəfə nail ola bilib. Bir aya yaxındır ki, qiymətlər 60 dolların üzərindədir və yeni qiymət yarışının başlaması üçün əsaslar yaranıb. Ən önəmlisi isə ölkələr bazarda yaranan süni qıtlıq səbəbindən öz ehtiyatlarından istifadə etməyə məcbur qalıblar və ehtiyat həcmlər azalıb. İndi sual başqadır. Vyana görüşündə OPEK qlobal neft paktının müddətini uzatmağa və bununla bazara təsirini artırmağa nail ola biləcəkmi?

 

Bu suala ilk baxışdan niyə də olmasın cavabı vermək olar. Çünki neftin bahalaşması bütün ixracatçı ölkələrə sərf edir. Amma... Rusiya gözləntilərin əksinə olaraq paktın müddətinin uzadılmasına o qədər də maraq göstərmir, Vladimir Putin artıq iki dəfə neftin çox bahalaşmasında maraqlı deyilik bəyanatı verib. Digər tərəfdən Səudiyyə Ərəbistanı və İran arasında müharibə ehtimalı gündən-günə artır, Tehran bu səbəbdən Vyana görüşünü sabotaj edə, Səudiyyənin təşəbbüsünü heçə endirə bilər. Düzdür, İran ilk razılaşmada iştirak etməyib, pakt iştirakçıları sanksiyalardan yeni azad olunduğunu nəzərə alaraq Tehrana güzəştə getmişdilər. Buna görə iddia oluna bilər ki, İranın indi razılaşmanın əleyhinə çıxması qlobal neft paktının dəyərinin azaltmayacaq. İlk baxışdan belədir, lakin bu gün söhbət razılaşmaya qoşulmamaqdan deyil, həm də dünyanın ən böyük neft ehtiyatlarına malik 2-ci və 4-cü ölkəsi arasında müharibədən gedir.

 

Təxmini hesablama göstərir ki, Səudiyyə-İran qarşıdurması neftin qiymətinə daha pozitiv təsir göstərə bilər, nəinki qlobal neft paktının müddətinin uzadılması. Bu səbəbdən İran yaranacaq gərginliyin  onsuz da  nefti bahalaşdıracağını nəzərə alaraq Vyana görüşündə paktın müddətinin artırılmasına qarşı çıxa bilər. Bu baxımdan Vyanada ilkin razılaşma əldə olunması ehtimalı hələlik 50 faizdən artıq deyil.  

 

Bu həftə neftin qiymətlərində əhəmiyyətli rol oynayan bir amilin də artıq gücləndiyini nəzərdən qaçırmaq olmaz. Bahalaşma faktoru ABŞ-da şist nefti hasilatını səmərəli edib, nəticədə həm hasilata cəlb olunan buruqların sayı, həm də ölkənin kommersiya neft ehtiyatlarının həcmi artır. Bu amil isə qiymətlərin bahalaşmasını tormozlaşdırır. Beləliklə maraqlı situasiya yaranır - OPEK-in qiymətləri bahalaşdırması həm də bu prosesi ləngidəcək amillər doğurur. Hələlik isə bəlli olan bir məqam var - neftin qiyməti arzuolunan səviyyədə bahalaşmasa da, 45 dollar həddindən aşağı düşməyəcək. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı