850 dəfə pozulan atəşkəs, Ərdoğanla Putinin Soçidə Qarabağ danışıqları...

Həftə ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edib. Torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu atəşkəs rejimini 850 dəfə pozub. Atəşkəsin ən çox pozulması halı çərşənbə gününə təsadüf edib, noyabrın 15-də ermənilər 128 dəfə mövqelərimizi atəşə tutub. Digər günlərə nisbətən atəşkəs rejimi çərşənbə axşamı daha az pozulub - 114 dəfə.

 

Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbi ilə hələlik fayda verməsə də, diplomatik səylər davam etdirilir. Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən ikitərəfli görüşdə regionun ən böyük problemi bir daha müzakirəyə çıxarılıb. Noyabrın 22-də yenə Soçidə baş tutacaq və bu dəfə İran prezidentinin də qatılacağı üçtərəfli görüşdə münaqişənin həlli yolları bir daha müzakirə mövzusu ola bilər. ATƏT-in baş katibi Tomas Qreminqer isə İtaliya mətbuatına müsahibəsində problemin həlli istiqamətində fəaliyyətin sürətləndirilməsini vacib hesab etdiyini deyib. O, təmas xəttində baş verənlərdən ATƏT sədrinin bölgədəki xüsusi nümayəndəsi vasitəsilə xəbərdar olduqlarını vurğulayıb.



 

 


 

Müəllif | Apa.Tv
Almaz Qasımova