Episentr Qarabağ: Azərbaycanın yarısı silkələndi

Ötən həftə Azərbaycanda da yeraltı təkanlar qeydə alındı. İranda baş verən zəlzələnin fəsadları əvvəlcə Cənub bölgəsində hiss olundu. Yeraltı təkanlar əsasən Lənkəran, Astara rayonları ərazisində və Naxçıvanda təqribən 4 bal gücündə qeydə alındı.
 

Dağıntı və tələfata yol açmayan yeraltı təkanlar təxminən 45 saniyə davam etdi.

Noyabrın 16-da gecə saatlarında isə Ağdam rayonu ərazisində güclü yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentrinin Bərdə şəhərindən 23 km şərqinə düşdüyü açıqlanıb. Episentrdə yeraltı təkanların maqnitudası 5,1 bal gücündə olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin episentrinin Ağdam rayonu ərazisində baş verdiyini açıqlayıb. 
 

Ağdamda yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

 

Bundan sonra Bərdə ərazisində yeni təkanlar qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

 

Yeraltı təkanlar Ağdamın bir çox yaşayış məntəqələrində dağıntılara səbəb olub.

 

Ağdam, eləcə də  yeraltı təkanların daha çox hiss olunduğu hiss olunduğu Tərtər və Bərdə rayon İcra Hakimiyyətlərində daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb.

Zəlzələ nəticəsində Ağdamda divarları çatlayan, dam örtüyü qismən uçan 120 yaşayış evinə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evi tam qəzalı vəziyyətə düşüb.

 

Tərtərdə isə 40-dan çox yaşayış evinə baş çəkilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən, sakinləri mənzillərindən çıxarılıb.
 

Bərdədə beş yaşayış məntəqəsində 30-dan çox ev zərər görüb. Bununla yanaşı, rayonun əksər ticarət obyektlərində yeraltı təkanlar vaxtı piştaxtaların uçması sahibkarlara xeyli miqdarda zərər vurub.

Yer səthinin 9 kilometr dərinliyində baş verən zəlzələ Ağdam, Ucar, Saatlı, Sabirabad, Yevlax, Göyçay, Gəncə, Tovuz, Şəmkir, Goranboy, Şəki və Zaqatalada hiss olunub.

 

 


 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova