Dəhşətli qətl, ağlagəlməz dələduzluq, üç avtoritetə 73 il həbs - HƏFTƏNİN KRİMİNAL XRONİKASI
Yola saldığımız həftə səs-küylü kriminal hadisələrlə yadda qalıb. Rusiya mediası “İnterpol” xətti ilə axtarışa verilən “AST Telman” ləqəbi ilə tanınan milyarder Telman İsmayılovun Türkiyədən Fransaya getdiyini yazıb. “AST Telman”la birlikdə qardaşı Vaqif İsmayılov da “İnterpol” tərəfindən axtarılır. O qətllər törətməkdə və qanunsuz silah saxlamaqda ittiham olunur.
Bu həftə “Qoca” ləqəbli kriminal avtoritetlə birlikdə xüsusi təyinatlı qatardan qaçmaqda təqsirləndirilən Əli Ağamiyə hökm oxunub. Hökmə əsasən, Əli Ağami 19 il azadlıqdan məhrum edilib. Onunla birlikdə eyni cinayət işi üzrə təqsirləndirilən Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimov 18 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum ediliblər. Məhəmməd Heydərov kriminal aləmdə “Maqa Hacıqabullu”, Tahir Məlikov isə “Marojna” ləqəbi ilə tanınır. Məhkum olunanlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bu həftə Bakıda adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdiriblər. Dəstə üzvləri Bakı sakini Balabəy Məmmədovun qardaşını oğurlayaraq onu azadlığa buraxmaq müqabilində 1000 manat pul tələb ediblər.
"Məni burda saxladılar. Biri oturmuşdu yanımda, digəri isə bu çarpayıda yatmışdı. Gecə saat 3-ə kimi bu vəziyyətdə oturdum. Dedilər, qaçmağa cəhd belə göstərmə, hər yan burda bağlıdır. Pul verilməsə, səni öldürəcəyik".
.
Adam oğurluğunda təqsirləndirilən şəxslər saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.
Şamaxı rayonunda isə keçmiş məhkum özündən 3 yaş kiçik olan ögey anasını amansızlıqla qətlə yetirib. Əvvəllər 8 il məhkumluq həyatı yaşamış 60 yaşlı Rəhim Bağırov özündən 3 il kiçik ögey anasını öldürərək meyitini köhnə su quyusuna atıb, sonra quyunu daş, torpaq və ağac qırıntıları ilə doldurub. Mərhum qadının oğlu evə gəldikdən sonra anasını tapa bilməyib və onun itkin düşməsi barədə polisə məlumat verib. Axtarış zamanı meyitin su quyusunda olduğu aşkarlanıb. Qətli törədən Rəhim Bağırov saxlanaraq istintaqa təhvil verilib.
Tovuz şəhərində bibi qardaşı oğluna bıçaqla xəsarət yetirib. Kifayət Qasımovanın 27 yaşlı qardaşı oğlunu hansı səbəbdən bıçaqlamasının səbəbi məlum deyil. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Qonşular hadisəni törədən Kifayət Qasımovanın mədəni və təmkinli qadın olduğunu deyirlər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bakının Nizami rayonunda isə soyğunçuluq hadisəsi qeydə alınıb. Əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında qadının 550 manat dəyərində “Samsung” mobil telefonunu alaraq qaçıb.
“Həmin şəxsi təqib etdik, zərərsizləşdirib 24-cü polis bölməsinə təhvil verdik. Onun üzərindən qadına aid telefon aşkar olundu”.
"Düşdüm dalınca, mobil telefonunu götürüb qaçdım. Polislər məni tutdu".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Şirvan şəhərində rabitə quyularından kabellərin kəsilərək oğurlanması nəticəsində 1000-ə yaxın abonent internetsiz qalıb. Şəhərinin Heydər Əliyev prospekti və Vaqif küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan tərkibində qurğuşun və mis olan ana xətt kabellərini kəsərək oğurlayıblar. Nəticədə Şirvan şəhər Telekommunikasiya Qovşağına böyük məbləğdə maddi ziyan vurulub, şəhərin iki qəsəbəsi və bir yaşayış massivində rabitə xidməti dayandırılıb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb. Oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Xəzər dənizində brakonyerlərlə polis əməkdaşları arasında qarşıdurma olub. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Bakı Buxtasında qanunsuz balıq ovu ilə məşğul olan iki şəxsi saxlamaq istəyiblər. “Qartal” polis patrul kateri qayıqda olan iki şəxsə xüsusi xəbərdaredici səs siqnalları göndərərək onlardan sahilə çıxmalarını tələb edib. Lakin qayıqda olan şəxslər polisə tabe olmayaraq, qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar. Polis qayığını taran edən şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyənləşib.
Həftə ərzində ictimaiyyət arasında səs-küy doğuran iki dələduzluq faktı qeydə alınıb. Goranboyda özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub. Samux rayon sakini Ələddin Novruzov təcili Rusiyaya getmək istəyən Muzdurlar kənd sakininə ölkədən çıxışına qadağa qoyulduğunu deyib, qadağanı ləğv etdirmək müqabilində ondan 5 min manat pul alıb. Ələddin Novruzov özünü Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib. Sonradan məlum olub ki, həmin şəxsin ölkədən çıxışına qadağa qoyulmayıb, özünü Rusiya DİN-in əməkdaşı kimi təqdim edən şəxs pulu dələduzluq yolu ilə mənimsəyib. Ələddin Novruzov saxlanaraq istintaqa təhvil verilib.
Abşeronda isə Şahbaz Cavadov adlı şəxs rayon icra hakimiyyəti başçısının imzası ilə təsdiqlənmiş sənədi saxtalaşdıraraq tikintiyə icazə verən sənəd hazırlayıb.
"Tikintisi yarımçıq qalmışdı, kömək etmək istədim, sənədi saxtalaşdırdım".
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.