Ağsaqqallar Şurası imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirib
Bakıda Azərbaycan Ağsaqqallar Şurasının “Bizə uzanan əllər...” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü Mail Əliyev xeyriyyə tədbirinin 2006-cı ildən keçirildiyini bildirib: “Bu layihə “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə yaranıb. On ildən çox davam edən layihə çərçivəsində təşkil olunan tədbirlərdə az imkanlı, yaxud valideyn himayəsindən məhrum olan ailələrin uşaqları sevinir, onlar üçün musiqi proqramı, əyləncə tədbirləri təşkil olunur. Biz aztəminatlı ailələrə öz qayğımızı bundan sonra da göstərəcəyik, hər zaman onların yanında olacağıq”.
Azərbaycan Ağsaqqallar Şurası mətbuat xidmətinin əməkdaşı, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktor müavini Şərafət Şəfa bildirib ki, “Bizə uzanan əllər...” xeyriyyə tədbirləri təkcə şəhər daxilində deyil keçirilmir: “Belə tədbirlər cəbhə bölgələrində də təşkil olunur. Əsasən valideynsiz əsgərləri hədəf seçmişik. Eyni zamanda qocalar və körpələr evlərini tez-tez ziyarət edirik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Bu tədbiri keçirməkdə məqsədimiz də körpələrin qəlbinə kiçik sevinc bəxş etməkdir. Sağ olsunlar, xeyirxah insanlar, müxtəlif şirkətlər. Onları hər zaman öz yanımızda görürük, bizə yaxından dəstək verirlər”.
Xeyriyyə tədbirində 30-dan artıq imkansız ailələrin uşaqlarına müxtəlif hədiyyələr verilib, onlar üçün musiqi proqramı təşkil edilib. Uşaqlar mahnı oxuyub, şeir deyiblər.