Lerikdə qohumunun evindən oğurluq edən şəxsin digər cinayətləri də üzə çıxıb
Lerik rayonunda bir fərdi yaşayış evindən oğurluq edilməsi barədə rayon polisinə müraciət daxil olub. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, araşdırmalar zamanı həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd plastik bank kartının oğurlandığı müəyyən edilib.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq Lerik RPŞ-yə gətirilib. O törətdiyi əməli etiraf edərək, oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.
S.Məmmədzadənin ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Onun cari ilin sentyabrında rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.