Sabirabadda baş vermiş qəzada bir polis ölüb, digəri yaralanıb

Sabirabadda avtomobilin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı dünyasını dəyişib, digəri isə xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yol qəzası Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 21-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

Hadisə zamanı idarəetmədən çıxan “VAZ 2115” markalı minik maşını radar dirəyinə çırpılıb. Nəticədə Sabirabad RPŞ-nin əməkdaşı, polis serjantı, 1982-ci il təvəllüdlü Cavadov Nicat Əlimirzə oğlu hadisə yerində ölüb, xəsarət alan sürücü, polis baş leytenantı, 1988-ci il təvəllüdlü Sultanov Şəhriyar Əhliyar oğlu isə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, avtoqəza havanın qatı dumanlı olması səbəbindən baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv