Göyçayda reyd zamanı 140 sürücü cərimələnib

Göyçay rayon Polis  Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülər arasında reyd keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb.

 

Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbir görülüb. Reydin keçirilməsində əsas məqsəd ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə daha qayğıkeş olmağa səsləmək, sürücülərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, qanuna əməl etməyən sürücülərə müvafiq tədbirlərin görülməsi ilə bağlıdır.

 

Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor İlkin Məmmədov APA-ya bildirib ki, reyd zamanı qayda pozduğu aşkar edilən 38 sürücü barədə protokol tərtib olunub. Ötən bir həftə ərzində reydlər zamanı avtomobili sərxoş idarə edən, sürücülük hüququ olmadan sükan arxasında oturan, yol hərəkət qaydalarını kobud şəkildə pozan 140 sürücü aşkar edilərək cərimələnib.

 

Rayon ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir. Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov