Hava şəraiti dəyişəcək: külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

 

Noyabrın 22-si gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından  başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. 

Müəllif | Apa.Tv
Apa.tv