Lavrov: "BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur"
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
APA TV-nin məlumatına görə, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib, iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər. Nazir Elmar Məmmədyarov bildirib ki, müzakirələrdə aprel hadisələrini də yada salıblar: "Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə, hərəkətin sürəti zəifdir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyə nazir qeyd edib.
Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. Azərbaycan qətnamələrin icrasını tələb edir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik".
S.Lavrov qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: "Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir".
Rusiyalı nazir əlavə edib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib: "Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır".
Görüşdə Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının genişləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb.