Bakıda ağacları kəsib yerində köşk qoydular

Xətai rayonu Məhəmməd Hadi küçəsi 46 ünvanının bir qrup sakini yol kənarında yaşıllığın məhv olunaraq yerində plastik köşk qoyulmasına etiraz edir.

 

Onların sözlərinə görə, ötən gecə 7 ağacın birdən kəsildiyini görüblər. Etiraz etsələr də, orada işləyən fəhlələr işlərini artıq yekunlaşdırdıqlarını bildirib. Digər qrup isə plastik köşkü ağaclar sökülən yerə basdırıb.

 

Sakinlər bildirdi ki, sökülən ağaclar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi şəkildə deyil, zənglə məlumat veriblər. Köşkün burda olması isə gözdən pərdə asmaqdır. Etirazçılar ehtimal edir ki, gələcəkdə digər ağaclar da kəsiləcək və yerində iki və ya  üç mərtəbəli binanın tikiləcəyi istisna deyil.

 

Onlarla söhbət zamanı ağacların kəsilməsində iştirak edən fəhlələrdən biri gəlib çıxdı. Ağsaqqalları yalan danışmaqda suçlayan şəxs ağacların kütləvi şəkildə kəsilmədiyini bildirdi.

 

İş o yerə gəlib çıxdı ki, mübahisə qızışdı. Tərəflər bir-birini hədələməyə başladılar.

 

Fəhlə kimi təqdim olunan şəxsi ətrafda yığışanlar ərazidən uzaqlaşdırdı. Qonşular bildirdi ki, artıq öz aralarında qərar veriblər və gecələr burda növbə çəkmək niyyətindədirlər.

 

Xətai RPİ-dən bildirdilər ki, Məhəmməd Hadi küçəsindəki hadisədən xəbərsizdirlər. Bu küçənin sakinlərindən rəsmi şəkildə onlara müraciət olunmayıb.

 

Xətai Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı

Müəllif | Apa.Tv