Ukrayna və Rusiya prezidentləri görüşdü, rus faşistləri Kiyevə gedir
Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Viktor Yanukoviçin görüşü olub. Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Ukrayna prezidenti Çin səfərindən ölkəsinə qayıdarkən Soçidə dayanmalı olub. Qısa işgüzar görüş zamanı Rusiya-Ukrayna arasında əlaqələrə dair cari məsələlər müzakirə edilib. Görüşdə bu yaxınlarda Moskvada keçiriləcək dövlətlərarası komissiyanın iclasına hazırlıq vəziyyətindən də danışılıb. Dövlət başçıları strateji tərəfdaşlığa dair iqtisadi-ticarət əlaqələrinin çeşidli sahələrini müzakirə ediblər.
Bu arada rus faşistlərindən sayılan Vladimir Tor və onun Milli Demokratik Partiyasındakı silahdaşları Kiyevə yola düşüblər. Bu haqda "İzvestiya" xəbər yayıb. Onların Viktor Yanukoviçin Regionlar Partiyası, Milliyyətçi "Azadlıq" təşkilatı və yerli qurumlarla birlikdə Ukraynadakı rusların maraqlarını qorumaq üçün danışıqlar aparıcı ehtimal olunur. Torun qənaətinə görə, “Avromaydan”dakı olaylar Ukraynadakı rusdilli əhaliyə təhlükə yarada bilər.
Eyni zamanda Ukrayna müxalifətinin liderləri – Arseni Yaçenyuk, Oleq Tyaqnibok və Vitali Kliçko ABŞ prezidenti Barak Obamaya müraciət edərək Ukrayna məmurlarına sanksiya tətbiq etməyi xahiş ediblər. ABŞ prezidentinə, Konqresə və Senata ABŞ dövlət katibinin müavini vasitəsilə göndərilən məktubda bildirilir ki, Ukrayna xalqı demokratiya uğrunda mübarizə aparır. Buna görə də ABŞ administrasiyası xalqın əsl mübarizəsinin və hüquqlarının qorunması üçün dəstək olmalı, hazır ki iqtidara qarşı sanksiya tətbiq etməlidir.