Balakən polisi silsilə oğurluqlara imza atan dəstəni ələ keçirib
Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə şəklində oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına bu barədə çoxsaylı şikayətlər daxil olub.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğurluq edən şəxslərin rayon sakinləri Muradov Kamran Musa oğlu, Lelimadov Tural Lelimad oğlu və Gəncəyev Mehman Nizamı oğlunun olması müəyyən edilib. Hər üç şəxs tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyev əlbir olaraq qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdiklərini etiraf edib. Onların rayon sakinlərinə 4350 manat maddi siyan vurması dəqiqləşdirilib.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.