Moldova mətbuatı: "Dağlıq Qarabağda quldur rejimi fəaliyyətdədir"
"Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik". APA TV-nin məlumatına görə, bunu Rusiya mətbuatına müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.
Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır: "Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir".
Bu arada Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik olan Tribuna.md saytında "Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi" adlı analitik məqalə dərc olunub.
Məqalədə Dağlıq Qarabağ ilə Dnestryanı münaqişələrin oxşarlığı və müqayisəli analizi edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və siyasi səbəblərinə toxunulub. Ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktlar gətirilib, həmçinin Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələri statistik məlumatlarla göstərilib.
Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejiminin, o cümlədən Dnestryanı vilayətində onun "analoqu"nun hələ də davam etdiyindən bəhs edilib.