Putin Soçidə Bəşər Əsədlə görüşdü - SABAH ƏRDOĞAN DA ORDA OLACAQ

"Suriyada hərbi əməliyyatlar sona çatmaq üzrədir, indi siyasi həll proseslərinə keçmək vaxtıdır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşdə çıxış edib.

Kreml rəhbəri qeyd edib ki, terrorizm qlobal problemdir və onun üzərində tam qələbə uzaqda deyil: "Bizim Suriya sərhədləri daxilində bu istiqamətdə müştərək fəaliyyətimiz terrorçuların kökünün kəsilməsində çox vacib rol oynayır".

Putin Əsədə Suriyada böhranın bitməsində maraqlı olan bütün tərəflərlə sağlam iş aparmağı tövsiyə edib. O, həmçinin rəsmi qonağa Rusiya Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərliyini təqdim edərək, Suriyanın xilasında məhz onların xüsusi əməyi olduğunu deyib: "Sizin əzmkarlığınız və hərbçilərin qəhrəmanlığı olmasaydı vəziyyət indiki kimi olmazdı. Məhz bu fəaliyyət Suriya böhranının həllinin artıq siyasi danışıqlar mərhələsinə çatmasında əvəzsiz töhfə oldu".    

Suriya prezidenti öz növbəsində Rusiya hərbi kontingentinin ölkəsində terrorçuların məhv edilməsində oynadığı rolu unutmayacaqlarını bildirib. O, Suriyanın azad edilmiş ərazilərinə artıq yerli sakinlərin qayıtdığını vurğulayıb.

Vladimir Putin Bəşər Əsədlə görüşün nəticələrini yüksək qiymətləndirib.

Xatırladaq ki, noyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Soçiyə səfər edəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı