Moskvada xüsusi əməliyyat – 3000 MİQRANT SAXLANDI!
Noyabrın 18-dən 28-dək Moskvada keçirilmiş “Zaslon-2” xüsusi əməliyyatı nəticəsində Rusiya paytaxtında qeyri-leqal yaşayan 3 min miqrant müəyyənləşib. Onlardan artıq 750 nəfər ölkədən deportasiya edilib. Paytaxt polisi tərəfindən aparılan araşdırmalar nəticəsində 4 mindən artıq cinayətin üstü açılıb, 327 nəfər saxlanılıb. Əməliyyatçılar bazarlarda silahların satışının qarşısını almaq üçün də xüsusi reydlər keçiriblər. Alıcı qismində miqrantlara yaxınlaşan əməliyyatçılar silahların çeşidindən şoka düşüblər. Təklif olunan silahların içərisində F1 qumbarasından tutmuş istifadə olunmamış iriçaplı silahlar da olub. Nəticədə 1000-dən artıq axtarış həyata keçirilib, 97 ədəd silah müsadirə edilib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş idarəsinin rəis müavini Gennadiy Qolikov aparılan əməliyyatların uğurlu nəticə verdiyini deyib. O, bildirib ki, əməliyyat çərçivəsində görülmüş tədbirlər nəticəsində ictimai yerlərdə törədilən cinayətlərin sayı 18 faiz, paytaxtın küçə və meydanlarındakı cinayətlərin sayı isə 16 faiz azalıb.
Qarət, soyğunçuluq, nəqliyyat vasitələrinin qaçırılması və ev oğurluğu faktlarında da azalma müşahidə olunub. 147 narkotik vasitələrin istehsalı və satışı mərkəzi və 305 qanunsuz oyun biznesi mərkəzlərinin fəaliyyəti dayandırılıb. Qanunsuz miqrasiya ilə bağlı 1095 cinayət işi qaldırılıb.