Ramzan Kadırov: "Lenini mavzoleydən çıxarmaq, Stalinin qəbrini isə..."
Çeçenistan rəhbəri Ramzan Kadırov Leninin mavzoleydən çıxarılması, Stalinin nəşinin isə Gürcüstana təhvil verilməsini təklif edib.
APA TV-nin məlumata görə, bunlarla yanaşı, o, Nikita Xruşşovun xatirəsini bütün federasiya ərazisində əbədiləşdirməyin tərəfdarı olduğunu deyib.
Kadırov Stalinin qəbrinin köçürülməsi ilə Rusiya xalqının dərindən nəfəs alacağını deyib. O bildirib ki, bu, repressiyalar üzündən həyatını itirən milyonlarla insanın ruhunun sakitləşəcəyinə və onların nəsillərinin təskinlik tapmasına səbəb olacaq: "Stalin isə öz vətənində dəfn olunacaq. Onun Gürcüstanda dəfn olunması daha ədalətli və məntiqlidir. Bu haqqı gürcülərə vermək lazımdır. Leninə gəlincə, onun mavzoleydə saxlanmasının mənə isti-soyuğu yoxdur, amma onu dəfn etmək və keçmiş SSRİ-nin banisi kimi xatirəsinə abidə ucaltmaq daha yaxşı olar".
Ramzan Kadırov vaxtilə SSRİ rəhbəri olmuş Nikita Xruşşova qarşı Rusiyada ədalətsiz mövqe sərgiləndiyini qeyd edib: "O, ədalətli adam olub, dövlətin ədalətli idarə olunması üçün səy göstərib. Xruşşov çeçen və inquşlara da qarşı ədalətli mövqe nümayiş etdirib. Rusiya onu hər zaman yaxşı insan kimi xatırlamalıdır. Xruşşovun fəaliyyəti yaxşı mənada öz layiqli qiymətini almalıdır".
Kadırovun təkliflərinə Kremldən cavab verilib. Prezident Administrasiyasından bu məsələlərin gündəmdə olmadığı bildirilib.