AMEA-da Xudu Məmmədovun 90 illiyi qeyd olunub

"Onun ürəyi hər zaman  Azərbaycanın xoşbəxtliyi üçün döyünürdü. Qarabağ problemləri ortaya çıxanda bu hadisələr ona çox pis təsir etdi və o buna dözmədi, dünyasını dəyişdi". APA TV-nin xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvi Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda deyib.

 

O bildirib ki, alimin özünəməxsus izi, dəst-xətti, yaratdığı elmi məktəb olub: "Xudu müəllim elə alimlərdəndir ki, onun Azərbaycan elmi tarixində parlaq ulduz kimi xatirəsi qalmaqdadır. Xudu müəllimin ilk addımları fənlərarası istiqamətlərdə tədqiqatlarla bağlı olub. Xudu müəllim özü geoloq olaraq geokimya,  kimya, kristalloqrafiya, kristallofizika - bütün bu istiqamətlər üzrə elmlərin zirvəsində çalışaraq Azərbaycan elminə yeniliklər gətirirdi".

 

Daha sonra çıxış edən Xudu Məmmədovun tələbəsi, ABŞ-ın Virciniya Universitetinin professoru Faiq Musayev bildirib ki, alim həyatını ancaq elmə həsr edib: "Elm adamı idi. Böyük elmi istiqamətlər qoyub gedib Azərbaycanda. Bakıda kristalloqrafiya məktəbini yaratdı. Böyük alim olub, tələbələrinə qarşı çox yaxşı müəllim olub. Bir dəfə bir eksperiment aparırdıq, düz olmadı eksperiment. Dedik, Xudu müəllim bizi incidəcək bundan ötrü. Heç nə demədi, dedi, elmi iş olan yerdə çox normal şeydir".

 

Alimin oğlu Toğrul Məmmədov atasına göstərilən bu diqqət və qayğıya görə şad olduğunu, buna görə hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, ölkə olaraq gələcəyimizi müəyyənləşdirən məqamlardan biri dəyərlərimizdir: "Bugünkü tədbir elmə, elm insanlarına verilən böyük dəyərin tərənnümüdür. Mənim ən yadda qalan xatirəm odur ki, o, öz şəxsi həyatını, şəxsi durumunu heç vaxt ümumi işdən, ölkəsindən, xalqından üstün tutmayıb. Onun üçün əsas elmin problemləri olub".

 

Daha sonra  digər çıxışçılar alimin həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən söhbət açıblar. 

Müəllif | Apa.Tv
Almaz Qasımova