Fazil Mustafa: "Bakı ətrafında dəhşətli "gecəqondu" strukturu yaranıb"

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb. APA TV-nin məlumatına görə, baş nazir Artur Rasizadə başda olmaqla hökumət nümayəndələri iştirak edib.

 

İclası açıq elan edən spiker Oqtay Əsədov prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal iqtisadiyyatda baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısının alındığını deyib: "Yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır".

 

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

 

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 1 barel üçün 45 dollar səviyyəsində götürüləcək.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki,   hökumətin neftin qiyməti, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın inkişafı, qlobal risklərdən qorunmaq üçün möhkəm iqtisadi baza yaratmaq baxımdan kifayət qədər məqbuldur.

  

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında manatın məzənnəsinin sabitləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E.Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub: "Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib".

 

Millət vəkili Fazil Mustafa bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək  lazımdır. Deputat Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb: “Bu dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.

 

Deputat vətəndaşlara bu "gecəqondular"ını özəlləşdirmək imkanı yaradılmasını təklif edib: “Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.

 

Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.

 

Büdcə müzakirələri iki gün davam edəcək. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı