Bakıda körpülərdən oğurluq etmək istəyən şəxslər tutuldu
Aeroport yolunda led işıqları və əlvan metalları oğurlayan şəxslər tutulub.
APA TV-nin məlumata görə, noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib.
Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə (PB) təhvil veriblər. Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib.
Digər analoji hadisə isə Zabrat körpüsündə qeydə alınıb. Körpünün üstündə dayanan "VAZ-21011" markalı avtomobilə yaxınlaşan polis əməkdaşlarını görən avtomobilin sahibi hadisə yerindən qaçıb. Polis əməkdaşlarının sayıqlığı və çevikliyi sayəsində maşın saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkarlanaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyənləşib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.