Salam saxlasın Sizi... - REPORTAJ

Bu gün Beynəlxalq Salamlaşma Günüdür. 1973-cü il noyabrın 21-dən  bəri qeyd olunan bu tarix beynəlxalq gərginliyin aradan qaldırılması şərəfinə təsis olunub. Bu bayramı iki amerikalı qardaş - Maykl və Brayn Makkomak təsis edib.

 

Salamlaşma günü soyuq müharibənin ən qaynar çağında yaradılıb. Maykl və Brayn Makkomak qardaşları bu yolla bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. O zaman bu ideya dünya ictimaiyyətinin xoşuna gəldiyindən, bir çox ölkələrdə onu müsbət qarşılayıblar. 

 

Beynəlxalq Salamlaşma Gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamasından asılı olmayaraq, salam verə bilər.

 

Avropadan fərqli olaraq, Azərbaycanda əhali Beynəlxalq salamlaşma günü barədə az məlumatlı olsa da, bu günü qeyd edənlər də var. Hər bir ölkənin özünəməxsus salamlaşma qaydası var.

 

Azərbaycanda salam, ruslarda zdravstvuyte, ingilislərdə hello, hindlilərdə namaste... Sən demə, salamlaşarkən etdiyimiz müxtəlif jestlər öz-özlüyündə müxtəlif mənalar ifadə edir. Məsələn, Rusiya, Avropa və amerikalılar bir-biri ilə rastlaşanda əl verib, görüşürlər. Burada sağ əli uzatmaq "silahım yoxdur, niyyətim safdır" anlamını verir. Fransada isə hətta yeni tanış olan insanlar belə salamlaşıb-sağollaşarkən yanaqdan öpməyə üstünlük verirlər. Emosional latın amerikalılar salamlaşarkən qucaqlaşmağa daha çox yer ayırırlar. Rəsmi şəxslərin salamlaşma və görüşmə qaydası isə protokola uyğun olaraq həyata keçirilir. 42 illik tarixə malik olan Beynəlxalq Salamlaşma Gününün indiyədək müxtəlif ölkələrdə qeyd olunması insanlarda xoş təəssürat yaradır, ünsiyyətin əvvəlində tərəflərə qarşılıqlı müsbət enerji ötürür.

Müəllif | Apa.Tv