ABŞ-dan Ərdoğana cavab: "Belə hekayələri çox eşitmişik"

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "17-25 dekabr tələsini aparıb Amerikada qurdular" sözlərinə münasibət bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına verdiyi məlumata görə, H.Noyertə "ABŞ Türkiyəyə qarşı tələ qurur?" sualına münasibət bildirib: "Biz bu hekayəni Türkiyədən daha əvvəl də eşitmişdik. Bizi çevriliş cəhdini qızışdırmaqla ittiham etdikləri zaman verdiyim cavabın eynisi vermək məcburiyyətindəyəm. Bunun əsassız, mənasız olduğunu bildirəcəyəm".

 

NATO müttəfiqi olaraq Türkiyədən bu cür açıqlamalar gəlməsinə H.Noyertin cavabı belə olub: "Gördüyünüz kimi, bu il əlaqələrimizin gah yaxşı, gah pis olduğu ölkələr var. Biri bəzi şeylər söyləyə bilər, amma sonra söylədiyinə peşman olar. Türkiyə NATO üzvüdür və ABŞ-ın dəyər verdiyi müttəfiqdir. Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur".

 

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunub. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanılıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək, həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adları hallanan 4 nazir istefa verməyə məcbur olub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı